BAKI, 11 may. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla fevral ayında keçirdiyi görüşdə İrana qarşı birgə hərbi əməliyyatın ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyinə dair heç bir zəmanət vermədiyini bildirib.

Teleqraf xəbər verir ki, Netanyahu bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.

İlkin mənbəyə görə, “New York Times” qəzeti apreldə yaydığı məlumatda Netanyahu ilə Tramp arasında fevralın 11-də keçirilən qapalı görüşdə İsrail liderinin İrana qarşı müharibənin “İslam Respublikasının sonu olacağına” inandığını yazmışdı.

Netanyahu isə bildirib ki, əksinə, əməliyyatın nəticələrinin qeyri-müəyyən olduğunu vurğulayıb:

“Mən bunu nəinki qeyd etmişdim, hətta hər ikimiz razılaşmışdıq ki, burada təkcə qeyri-müəyyənlik yox, həm də risklər var”.

İsrail Baş naziri əlavə edib ki, Trampla müzakirələr zamanı hərbi əməliyyatsız qalmağın daha böyük təhlükə yaratdığı fikrini səsləndirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı razılığa gələ bilməyiblər.

İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ və İsrailin hücumları nəticəsində 3 375 iranlı həlak olub.