BAKI, 11 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun münaqişənin nizamlanması ilə bağlı təklifinə verdiyi cavabı qəbuledilməz adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İranın özünü “nümayəndə” adlandıran şəxslərinin cavabını indicə oxudum. Bu cavab xoşuma gəlmir – tamamilə qəbuledilməzdir”, - Tramp bildirib.

ABŞ lideri “Axios” portalına müsahibəsində də İran tərəfinin cavabını uyğun hesab etmədiyini deyib. O, həmçinin bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını və söhbət zamanı İranın cavabını müzakirə etdiklərini təsdiqləyib.

“Axios” qeyd edir ki, Tramp danışıqların davam edib-etməyəcəyi və ya Vaşinqtonun hərbi variantı nəzərdən keçirib-keçirmədiyi barədə açıqlama verməyib.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı Pakistan tərəfinin İranın ABŞ təklifinə cavabını Vaşinqtona çatdırdığını bildirib.

“Wall Street Journal” qəzetinin mənbələrinə görə, Tehran Vaşinqtonun tələb etdiyi kimi nüvə obyektlərinin sökülməsindən imtina edib. İranın uranın zənginləşdirilməsinin dayandırılmasına razı ola biləcəyi, lakin bunun ABŞ-ın tələb etdiyi kimi 20 il müddətinə deyil, daha qısa dövr üçün nəzərdə tutulduğu qeyd edilir. Bundan başqa, Tehran zənginləşdirilmiş uranın bir hissəsinin emalını, qalan hissəsinin isə üçüncü tərəfə verilməsini təklif edib. İran bunun müqabilində danışıqların uğursuz olacağı və ya ABŞ-ın sonradan razılaşmadan çıxacağı halda nüvə yanacağının geri qaytarılmasına təminat istəyir.