BAKI, 11 may. TELEQRAF

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Elbrus dağında köməksiz vəziyyətdə qalan iki turisti tapıblar.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-dən məlumat verilib.

Turistlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda onların dağdan aşağı endirilməsi prosesi həyata keçirilir.

Bundan əvvəl bildirilib ki, bazar günü axşam saatlarında iki turistin Elbrusda 5 100 metr yüksəklikdə köməksiz qaldığı və müstəqil şəkildə enə bilmədiyi barədə məlumat daxil olub.

Onların köməyinə Rusiya FHN-in Elbrus yüksək dağ axtarış-xilasetmə dəstəsinin əməkdaşları cəlb edilib.

Məlumata əsasən, xilasedici əməliyyatı dağlarda mənfi temperatur və çovğun çətinləşdirib. Turistlərin marşrutu əvvəlcədən FHN-də qeydiyyata alınmayıb.

00:09

Bir qrup alpinist Elbrus dağının zirvəsində köməksiz vəziyyətdə qalıb, xilasedicilər onların olduğu əraziyə doğru hərəkətə keçib.

Teleqraf xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, beş nəfərə qədər alpinistdən ibarət qrup Pastuxov qayasından yüksəlişə başladıqdan sonra axşam saatlarında əlaqəni itirib.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 5100 metr hündürlüyə çovğun, şaxta və demək olar ki, sıfır görünmə şəraitində qalxırlar.

Xilasedicilərin hadisə yerinə çatmasının minimum iki saat çəkəcəyi qeyd olunur.