BAKI, 26 iyun. TELEQRAF

Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan "Deliver" neft tankeri Marsel yaxınlığındakı Fos-sur-Mer körfəzində lövbər salıb.

Teleqraf xəbər verir ki, bu barədə Aralıq dənizi Dənizçilik Prefekturası məlumat yayıb.

Prefekturanın açıqlamasında deyilir: "Gəmi lövbər salacaq və şübhəli bayraq pozuntuları ilə bağlı istintaqın bir hissəsi olaraq Marsel Respublika Prokurorluğunun sərəncamında qalacaq".

İstintaq zamanı gəminin lövbər saldığı ərazidə uçuşa qadağan zona yaradılacaq. Gəmi Fransa Dəniz Jandarmeriyası və Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən izləniləcək.

25 iyun tarixində Fransa Prezidenti Emmanuel Makron Siciliya adası yaxınlığında Deliver tankerinin saxlanıldığını elan edib. O, tankerin Rusiyanın kölgə donanmasına məxsus olduğunu və dəniz qanunlarını pozaraq Siciliya yaxınlığında üzdüyünü bildirib. Aralıq dənizi Dənizçilik Prefekturasının məlumatına görə, gəmi Primorskdan Kamerun bayrağı altında üzüb. Fransa bu əməliyyatı Birləşmiş Krallıqla birgə həyata keçirib.

Rusiyanın Fransadakı səfirliyi bildirib ki, gəminin saxlanılması qanunsuzdur və bunu Qərb ölkələri tərəfindən piratçılığın daha bir nümunəsi kimi xarakterizə edib.