BAKI, 26 iyun. TELEQRAF
Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsib.
Teleqraf xəbər verir ki, bu barədə Burkina-Faso hökuməti məlumat verib.
“Burkina-Faso hökuməti hər kəsə 26 iyun 2026-cı il tarixindən etibarən Fransa Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəldiyini bildirir. Bu addım Burkina-Faso və Fransa arasında ikitərəfli münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra atılıb. Hökumət hesab edir ki, qarşılıqlı hörmət, qarşılıqlı etimad, daxili işlərə qarışmamaq və milli suverenliyə hörmət əsasında münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil” - məlumatda qeyd olunur.
Açıqlmada bildirilir ki, Fransa hakimiyyəti tərəfindən atılan addımlar Burkina Fasonun maraqlarına qarşı yönəlib: "Paris açıq şəkildə neokolonialist istəklərini nümayiş etdirir. Paris Sahel bölgəsini sarsıdan təxribatçı və terrorçu şəbəkələri fəal şəkildə dəstəkləyir, ölkəmizlə bağlı ikiüzlü və qərəzli şəkildə məlumat verir. Ölkəmizə hakim olmaq və xalqımızı kölə etmək üçün edilən bu imperialist cəhdlər qarşısında biz suverenliyimizin müdafiəsini seçmişik".