BAKI, 27 iyun. TELEQRAF

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7%-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Məlumata görə, hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90%-ni KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas hissəsini formalaşdırırlar:

"Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verirlər. Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni KOB-ların yaradılmasını və mövcud bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri vasitəsilə təşviq edir".

Hazırda Azərbaycanda 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) fəaliyyət göstərir. Müvafiq dövrdə KOB evlərində sahibkarlara 1,5 milyona yaxın xidmət təqdim edilib. Bundan əlavə, ölkədə 56 “KOB dostu” ofisi fəaliyyət göstərir, 129 layihəyə 2,2 milyon manatdan çox qrant ayrılıb, 247 “Startap” şəhadətnaməsi verilib və 82 sərgi və yarmarkada 2000-dək KOB-un iştirakı dəstəklənib.