BAKI, 7 may. TELEQRAF

Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin tranzitinin təşkili məqsədilə planlaşdırdığı “Project Freedom” ("Azadlıq layihəsi") əməliyyatına dəstək göstərməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı ABŞ administrasiyasındakı mənbələrə dayanaraq məlumat yayıb.

Məlumata görə, Vaşinqton əməliyyatla bağlı təşəbbüsü əvvəlcədən Ər-Riyada bildirmədiyi üçün Səudiyyə rəhbərliyi narazı qalıb.

Telekanalın iddiasına əsasən, ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında əməliyyatın başlanacağını elan etməsi Körfəz ölkələri üçün gözlənilməz olub və bu, Səudiyyə Ərəbistanının rəhbərliyini qəzəbləndirib.

Buna cavab olaraq Ər-Riyad Vaşinqtona ABŞ hərbi təyyarələrinin Şahzadə Sultan aviabazasından istifadə etməsinə icazə verməyəcəyini və ölkənin hava məkanının açılmayacağını bildirib.

NBC News qeyd edir ki, Donald Trampla vəliəhd şahzadə Məhəmməd bin Salman arasında keçirilən telefon danışığı da vəziyyəti dəyişməyib. Bundan sonra ABŞ prezidenti əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Donald Tramp mayın 5-də ABŞ-nin Hörmüz boğazında tranzit əməliyyatını İranla mümkün razılaşma üzrə danışıqların nəticəsi məlum olana qədər dayandırdığını açıqlamışdı.