BAKI, 28 aprel. TELEQRAF

ABŞ hazırda hipersəs silahları və müasir qanadlı raketlərə qarşı effektiv müdafiə sistemlərinə malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Mark Berkowitz Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-nin mövcud müdafiə sistemi olduqca məhduddur və əsasən Şimali Koreyadan gələ biləcək kiçikmiqyaslı hücumların qarşısını almaq üçün nəzərdə tutulub.

Berkovits qeyd edib ki, ölkənin digər ballistik raket hücumlarına qarşı imkanları da kifayət qədər zəifdir.

“Hazırda hipersəs silahları və müasir qanadlı raketlərə qarşı müdafiə vasitələrimiz yoxdur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ-də yeni nəsil raketdən müdafiə sistemi olan “Qızıl günbəz” proqramı çərçivəsində bu sahədə imkanların genişləndirilməsi nəzərdən keçirilir.