BAKI, 26 aprel. TELEQRAF
Kolumbiyanın cənub-qərbində Kauka departamentində Panamerika şosesində baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı azı 20 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman məlumat verib.
Onun sözlərinə görə, həlak olanlar arasında 15 qadın və 5 kişi var və onların hamısı yetkin şəxslərdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb, onlardan 3-ü reanimasiya şöbəsində qalır. Yaralanan azyaşlılardan beşinin vəziyyətinin stabil olduğu bildirilib.
Qusman qeyd edib ki, aprelin 25-də baş verən hadisə son onilliklər ərzində regionda mülki əhaliyə qarşı törədilmiş ən amansız və qəddar hücum hesab olunur. Hakimiyyət orqanları həlak olanların xatirəsinə üç günlük matəm elan edib.
Bildirilib ki, partlayış nəticəsində Panamerika şosesində böyük ziyan yaranıb və hadisə yerində təxminən 200 kubmetr həcmində krater əmələ gəlib. Yol hərəkətinin bərpasının bir neçə saat ərzində mümkün olacağı gözlənilir.