BAKI, 20 mart. TELEQRAF

Fransa hərbi dəniz qüvvələri Aralıq dənizində Rusiyadan gələn və Mozambik bayrağı altında üzən "Deyna" tankerini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, tankerin ələ keçirilməsi faktını Fransa Prezidenti Emmanuel Makron da rəsmən təsdiqləyib.

Hadisədən dərhal sonra Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə qanunvericiliyinə mühüm dəyişiklikləri nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Sənəddə Rusiya vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbsi, cinayət təqibi və ya digər təqibləri zamanı onların müdafiəsi üçün Rusiya ordusundan istifadə edilməsinə icazə verilməsi təklif olunur.

Ekspertlərin fikrincə, bu qanun qəbul ediləcəyi təqdirdə, Rusiya xarici donanmalar tərəfindən saxlanılan gəmilərini və dənizçilərini azad etmək üçün hərbi güc tətbiq etmək hüququ qazanacaq. Bu isə beynəlxalq sularda Rusiya və Qərb ölkələri arasında birbaşa hərbi qarşıdurma riskini artıran amil kimi qiymətləndirilir.

Qeyd edək ki, "Deyna" tankerinin saxlanılma səbəbləri barədə Fransa tərəfi hələlik geniş açıqlama verməyib. Lakin ehtimallar arasında tətbiq olunan sanksiyaların pozulması və ya gəminin yükü ilə bağlı şübhələr yer alır.