BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrantlara qarşı aparılan siyasətin, o cümlədən deportasiya tədbirlərinin yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.

Bildirilir ki, Tramp yaxın ətrafı ilə müzakirələr zamanı köməkçilərinə qeyri-qanuni immiqrasiya ilə bağlı yeni yanaşma hazırlamağı tapşırıb. O, xüsusilə “kütləvi deportasiya” ifadəsinin ABŞ vətəndaşları arasında mənfi qarşılandığını qeyd edib.

ABŞ lideri hesab edir ki, əsas diqqət “təhlükəli şəxslərin” saxlanılmasına yönəldilməli və həbslər zamanı şəhərlərdə xaos yaradılmamalıdır.

Nəşrin məlumatına görə, bu mövqenin formalaşmasında ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsindən Kristi Noemin istefası dönüş nöqtəsi olub. Bildirilir ki, Tramp onun dövründə administrasiyanın mediada sərt tənqid olunmasından narazı qalıb.

Qeyd edək ki, Tramp daha əvvəl miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edib və prezident kimi fəaliyyətə başladıqdan sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejimi tətbiq edən fərman imzalayıb. O, ABŞ tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu da bəyan etmişdi.