BAKI, 20 mart. TELEQRAF
Ukrayna Yaxın Şərqin beş ölkəsində kritik və mülki infrastrukturu qorumaq məqsədilə xüsusi bölmələr yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov "X" hesabında məlumat paylaşıb.
Ömərovun sözlərinə görə, Ukrayna mütəxəssisləri və "interseptor" (zərərsizləşdirici) bölmələri region ölkələrində strateji obyektlərin təhlükəsizliyini təmin edir. O, həmçinin qeyd edib ki, hazırda bu missiyanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır:
"Ukrayna beş Yaxın Şərq ölkəsində kritik və mülki infrastrukturun qorunması üçün bölmələr yerləşdirib. Hazırda əhatə zonalarının artırılması üzərində iş gedir".
Məlumata görə, Ukrayna heyəti artıq Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və İordaniyada fəaliyyətə başlayıb, Küveytə isə əlavə qrupların göndərilməsi planlaşdırılır. Ukrayna tərəfi bu addımı tərəfdaş ölkələrin müraciəti əsasında və İran istehsalı olan "Şahed" tipli hücum dronlarına qarşı mübarizə təcrübəsini paylaşmaq məqsədilə atıb.