BAKI, 20 mart. TELEQRAF

Avstraliyanın Baş naziri Entoni Albanizi Sidneydə yerləşən ən böyük məsciddə Ramazan bayramı namazı zamanı etirazlarla qarşılaşıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Lakemba məscidində keçirilən tədbir zamanı etirazçılar Albanizini və daxili işlər naziri Toni Börkü fitə basaraq "çıxın buradan" deyə şüarlar səsləndiriblər.

Etirazçılar İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara görə Avstraliya hökumətinin mövqeyindən narazılıqlarını ifadə ediblər.

Qeyd olunur ki, Avstraliya hökuməti Qəzza ilə bağlı həm Fələstinlilərin vəziyyətindən narahatlığını bildirib, həm də İsrailin özünümüdafiə hüququnu dəstəkləyib və atəşkəsə çağırış edib.

Hadisə zamanı təhlükəsizlik əməkdaşlarının etirazçılardan birini saxlayaraq ərazidən uzaqlaşdırdığı bildirilir. Bir müddət sonra isə Albanizi və onu müşayiət edən şəxslər məscidi tərk ediblər.

Xatırladaq ki, daha əvvəl İsrail Prezidenti İsxak Hersoqun Avstraliyaya səfəri zamanı da Sidneydə genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi.