BAKI, 20 mart. TELEQRAF
Quba rayonunda 55 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 3-də Quba-Qusar yolunun Quba rayonu, Digah kəndi ərazisindən keçən hissəsində baş verib.
1971-ci il təvəllüdlü İdrak həmin gün saat 22 radələrində yolun kənarında həmkəndlisi Vasiflə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsindən daşla qəsdən vurub. Ona xəsarətlər yetirib.
İdrakın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən İdrak ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 3-də, saat 22 radələrində Quba-Qusar yolunun Quba rayonu, Digah kəndi ərazisindən keçən hissəsində Vasiflə rastlaşıb: “Vasifdən xoşum gəlmədiyi üçün həmin vaxt ona qarşı nalayiq ifadə işlətdim. Buna görə də aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əlimdə olan daşım Vasifin başına vuraraq ona xəsarət yetirdim”.
Quba Rayon Məhkəməsinin hökmü ilə İdrak aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.