BAKI, 20 mart. TELEQRAF
Quba rayonunda 45 yaşlı kişi anasına xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 1-də rayonun kəndlərindən birində baş verib.
1981-ci il təvəllüdlü Ramil həmin gün saat 13 radələrində yaşadıqları evdə anası Südabə (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı anasının qol və bədən nahiyəsindən əli ilə vuraraq ona xəsarətlər yetirib.
Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 1-də, saat 13 radələrində televizorda verilişə baxıb: “Bu zaman anam da yanımda olub. Televizorda gedən verilişdən xoşum gəlmədiyi üçün evdə ünvansız nalayiq ifadələr işlətdim. Anam mənə irad bildirdi, evdən getməyimi istədi. Sərxoş olduğuma görə anamın bu sözlərinə əsəbiləşdim. Ayağa qalxaraq anamın qollarından tutdum və bərk şəkildə sıxdım. Sonra əlim ilə anamın çiyin nahiyəsindən də vurdum”.
Zərərçəkmiş Südabənin sözlərinə görə, oğlu Ramil spirtli içki aludəçisi olduğu üçün bir ana kimi daima onu danlayıb: “Dekabrın 1-də, saat 13 radələrində evdə əyləşərək televizorda verilişə baxdıq. Həmin vaxt oğlum yanımda əyləşərək ünvansız nalayiq ifadələr işlətdi. Ramilə keçirdiyi həyat tərzi ilə bağlı irad bildirdim. Sözlərimə Ramil əsəbiləşərək çiyin nahiyəmdən yumruqla vurdu. Daha sonra hər iki qolumu tutaraq bərk sıxdı. Bundan sonra evdən getdi”.
Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edib. O, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını bildirib və barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edim.
Məhkəmə iclasında dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif edib.
Quba Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndləri tətbiq edilib.
Onun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.