BAKI, 1 mart. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı zərbələrinə etiraz olaraq Pakistanın bir neçə şəhərində keçirilən nümayişlər zamanı ən azı 20 nəfər həlak olub, 100-dən çox şəxs xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Əsas etiraz aksiyaları İslamabad, Lahor, Peşəvər və Karaçidə baş tutub. Nümayiş iştirakçıları ABŞ nümayəndəliklərinə yaxınlaşmağa çalışıblar. Agentliyin məlumatına görə, Pakistanın paytaxtında baş verən qarışıqlıq zamanı üç nəfər ölüb.

***

19:45

Pakistanın paytaxtı İslamabadda ABŞ və İsrailin İrana endirdiyi zərbələrə qarşı keçirilən etiraz aksiyaları zamanı azı üç nəfər həlak olub, 51 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, məlumatı "Xinhua" agentliyi polis mənbələrinə istinadən yayıb.

Bundan əvvəl Pakistanın "Dawn" qəzeti hüquq-mühafizə orqanlarının ABŞ səfirliyinə doğru hərəkət edən minlərlə etirazçını dağıtdığını bildirmişdi. Şəhərin diplomatik anklavı ərazisində vəziyyətin gərgin olduğu, günorta saatlarında atəş səslərinin eşidildiyi qeyd olunub.