BAKI, 11 fevral. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer çətin və qalmaqallı bir gündən sonra vəzifəsini tərk etməyəcəyini bildirib və ölkəni dəyişmək üçün ona verilən mandatdan geri çəkilməyəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, "Reuters"in məlumatına görə, Kir Starmer Şotlandiyada Leyboristlər Partiyasının lideri Anas Sarvar və partiya daxilindəki bəzi fiqurların istefa çağırışlarını rədd edərək, rəhbərliyinə yönəlmiş təzyiqlərə baxmayaraq mübarizəni davam etdirəcəyini deyib.
Baş nazirin mövqeyi onun təcrübəli leyborist siyasətçi Piter Mendelsonu Vaşinqtona səfir təyin etməsindən sonra daha da zəifləyib. Bu qərar Mendelsonun mərhum amerikalı cinsi cinayətkar Ceffri Epşteynlə yaxın əlaqələri ilə bağlı iddialar fonunda ciddi tənqidlərə səbəb olub.
Cənubi İngiltərədə bir icma mərkəzinə səfəri zamanı çıxış edən Kir Starmer bildirib ki, ona verilən ölkəni dəyişmək mandatından, müdafiə etməli olduğu insanlardan və sevdiyi ölkədən heç vaxt üz döndərməyəcək.
O, partiya daxilindəki mübahisələrə toxunaraq əsas mübarizənin populist “Reform UK” partiyasına qarşı aparılmalı olduğunu vurğulayıb və bunu “parçalanma və narazılıq siyasəti” adlandırıb.
Bazar ertəsi günü Kir Starmer hökumətdəki əsas nazirlərin, həmçinin potensial lider rəqiblərindən biri olan sabiq baş nazir müavini Anjela Reynerin dəstəyini qazanıb. Çərşənbə axşamı Böyük Mançesterin meri Endi Börnhəm də Starmeri dəstəklədiyini açıqlayıb.
Endi Börnhəm bildirib ki, hökumətə dəstək verir və Leyborist hərəkatı daxilində daha böyük birlik yaradılaraq islahatların sürətləndirilməsinin vacib olduğunu düşünür.
Məlumata görə, Piter Mendelsonun Ceffri Epşteynlə münasibətlərinin miqyası barədə ortaya çıxan yeni məlumatlar Kir Starmer üçün indiyədək ən ciddi siyasi təzyiqə çevrilib. ABŞ Ədliyyə Nazirliyi ötən ay yaydığı sənədlərdə maliyyə böhranı dövründə Mendelsonun mümkün Britaniya aktivlərinin satışı və vergi dəyişiklikləri ilə bağlı müzakirələri Epşteynə ötürdüyünü göstərən elektron məktublara yer verib.
Piter Mendelson bu iddialarla bağlı açıq açıqlama verməyib və şərh sorğularına cavab verməyib. O, hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə iddiası ilə polis tərəfindən araşdırılır.