BAKI, 23 yanvar. TELEQRAF
Moskva Fransa hakimiyyəti tərəfindən Rusiya gəmilərinin saxlanılmasına cavab tədbirləri hazırlayacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Dmitri Polyanski "Soloviev Live" televiziya kanalında bildirib.
O, Fransanın hərəkətlərini qəbuledilməz təxribat hesab edib: "Əlbəttə ki, biz bu cür qeyri-dost hərəkətlərə dözməyəcəyik. Əminəm ki, bu təxribatlara cavab veriləcək. Bu, tamamilə qəbuledilməzdir".
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Rusiyadan gələn tankerin Aralıq dənizində Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını elan edib. Aralıq dənizi Dənizçilik Prefekturasının məlumatına görə, "Qrinç" gəmisinin yoxlanılması zamanı onun qeydiyyat məlumatlarında uyğunsuzluq aşkar edilib. Nəticədə, gəmi lövbər salıb və Marsel prokurorluğu araşdırmaya başlayıb.