BAKI, 3 aprel. TELEQRAF
Cinayət Məcəlləsinin Təxribat maddəsinə süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə kimi hallar daxil edilir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Mövcud qanunvericilikdə 282.1-ci maddədə Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma halları öz əksini tapır.
Dəyişlikliyə əsasən Təxribat maddəsinə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir.
Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etmə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.