BAKI, 3 aprel. TELEQRAF

Dünyanın ən dəyərli futbolçularının siyahısı yenilənilənib.

Teleqraf “Transfermarkt”a istinadən xəbər verir ki, qiyməti 50 milyon avro və üzərində olan oyunçuların yer aldığı siyahıda PSJ-nin ulduzu Kilian Mbappe, “Mançester Siti”nin hücumçusu Erlinq Haland və “Barselona”nın gənc istedadı Lamin Yamal 200 milyon avro ilə zirvədə qərarlaşıb.

Onları 150 milyon avro ilə Vinisius Junior və Pedri izləyir. 140 milyon avro dəyərində Cud Bellinqem və Maykl Olise yer alıb. 120 milyonluq futbolçular sırasında isə Bukayo Saka, Camal Musiala, Deklan Rays və Federiko Valverde var.

Siyahıda Türkiyə millisinin üzvləri də diqqət çəkir. Arda Güler 90 milyon avro bazar dəyəri ilə ən dəyərli türk futbolçu kimi üst sıralarda qərarlaşıb. “Yuventus”un oyunçusu Kenan Yıldız isə 75 milyon avro ilə həm klubunun ən dəyərlisi olub, həm də A Seriyasında Lautaro Martinesdən sonra ikinci pilləyə yüksəlib.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen də 75 milyon avro ilə siyahıya düşüb və Avropanın “5 böyük liqası”ndan kənarda çıxış edən yeganə futbolçu kimi fərqlənib.

Yeniləmədə dəyəri ən çox artan oyunçular arasında Fermin Lopes (+30 milyon, 100 milyon), Jeremi Jaket (+35 milyon, 55 milyon), Yan Diomande (+30 milyon, 75 milyon), Luka Vuşkoviç (+20 milyon, 60 milyon) və Rayan Şerki (+15 milyon, 65 milyon) yer alıb. Dominik Soboslai də 15 milyon artımla 100 milyon avroya çatıb.

Dəyəri azalan futbolçular da olub. Aleksander Isak 20 milyon avro itirərək 100 milyona düşüb. Cud Bellinqem, Rodri və Martin Ødeqor 10 milyon avro geriləyib. Bukayo Saka, Camal Musiala və Koul Palmer də 10 milyon avro dəyər itirənlər arasındadır.

Qeyd edək ki, növbəti yeniləmənin may ayının sonlarında açıqlanacağı gözlənilir.