BAKI, 3 aprel. TELEQRAF
Rusiyanın Kamçatka vilayətində yerləşən Şiveluç vulkanı güclü püskürmə nəticəsində 10 kilometr hündürlüyə kül buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə Kamçatka üzrə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin filialı məlumat yayıb.
Bildirilir ki, peyk müşahidələrinə əsasən, kül buludu dəniz səviyyəsindən təxminən 10 min metr yüksəkliyə qalxıb.
Qeyd edək ki, Şiveluç fəaliyyətdə olan vulkanlardan biridir. O, “Köhnə Şiveluç”, qədim kaldera və aktiv “Gənc Şiveluç” hissələrindən ibarətdir. Vulkanın yaşı 60-70 min il hesab olunur.
Əlavə edək ki, Şiveluç vulkanı Ust-Kamçatsk rayonunun Klyuçi qəsəbəsindən təxminən 50 km, Petropavlovsk-Kamçatski şəhərindən isə 450 km məsafədə yerləşir.