BAKI, 3 aprel. TELEQRAF

Çin ABŞ-nin Panama kanalı ətrafında səsləndirdiyi fikirləri Vaşinqtonun bu strateji su yoluna nəzarəti bərpa etmək cəhdi kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-dəki Çin səfirliyinin sözçüsü Lyu Pınyuy TASS agentliyinə açıqlamasında bildirib. O qeyd edib ki, ABŞ tərəfinin dəfələrlə səsləndirdiyi yanlış iddialar yalnız Panama kanalına nəzarəti ələ keçirmək niyyətindən xəbər verir.

Açıqlama ABŞ dövlət katibi Marko Rubionun Pekinlə Panama arasında yaranmış ziddiyyətlərlə bağlı fikirlərinə cavab olaraq verilib. Rubio isə öz növbəsində ABŞ-nin Panamanın suverenliyini dəstəklədiyini və iqtisadiyyat, təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Məlumata görə, Panama Ali Məhkəməsinin Honkonq şirkəti "CK Hutchison" ilə bağlı qərarı da mübahisələrin mərkəzindədir. Qərara əsasən, Panama hakimiyyəti Balboa və Kristobal limanlarında yerləşən terminallar üzərində dövlət nəzarətini bərpa edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump Panama kanalına nəzarətin bərpası ilə bağlı istəklərini bir neçə dəfə dilə gətirmişdi. Panama prezidenti Jose Raul Mulino isə kanalın ölkəsinin nəzarətində qalacağını vurğulayıb.