BAKI, 3 aprel. TELEQRAF
Almaniyanın Ziqburq şəhərində yerləşən dəmiryol vağzalında hücum təhlükəsi səbəbindən genişmiqyaslı polis əməliyyatı keçirilib.
Teleqraf xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Ziqburq-Bonn stansiyasında bıçaqlı şəxsin hücum planlaşdırdığı ehtimalı ilə 500 sərnişin təxliyə olunub. Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilib ki, şahidlər vağzalda bir nəfərin qandallı şəkildə aparıldığını görüblər. Şübhəli şəxs 20 yaşlı Almaniya vətəndaşıdır. Onun çantasında bıçaq olduğu, həmçinin maska taxdığı qeyd olunur.
Məlumata əsasən, həmin şəxs qatarın tualetində barrikada qurub. Daha sonra vaqonda partlayış baş verib və tüstülənmə yaranıb. Araşdırma zamanı məlum olub ki, partlayan predmet peyntbol üçün nəzərdə tutulmuş hava qumbarası olub.
Hadisə nəticəsində iki nəfərin yüngül xəsarət aldığı bildirilir. Polis şübhəlinin hücumla bağlı hədələr səsləndirdiyini açıqlayıb.
Qeyd olunur ki, hadisə səbəbindən qatarların hərəkəti tam dayandırılıb və fövqəladə xidmət əməkdaşları ərazidə gücləndirilmiş rejimdə çalışır.