BAKI, 3 aprel. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Hindistan tərəfdən isə Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corc rəhbərlik edib.

***

11:27

Hindistan və Azərbaycan siyasi etimadın bərpası istiqamətində ilk addımlarını atır.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın "The Economic Times" qəzeti məlumat yayıb.

Məlumata görə, bu həftə Bakıda hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi gözlənilir. Görüşdə Hindistan Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi iştirak edəcək.

Tərəflər dialoqun bərpa olunmasında və etimadın möhkəmləndirilməsi üçün müvafiq tədbirlərin görülməsində maraqlı olduqlarını bildiriblər.