BAKI, 3 aprel. TELEQRAF

ABŞ və İran arasında artan gərginlik fonunda Hörmüz boğazı ətrafında yaranan vəziyyət dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, ABŞ Prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatların genişləndiriləcəyini bildirib və Tehrana sərt xəbərdarlıqlar edib. Buna cavab olaraq İran tərəfi daha geniş və dağıdıcı hücumlarla hədələyib.

Bildirilir ki, Hörmüz boğazı faktiki olaraq bağlanıb və bu marşrutdan normalda dünya neft tədarükünün təxminən beşdə biri daşınır. Bu vəziyyət enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub, neftin qiyməti isə 108 dollara qədər yüksəlib.

Eyni zamanda, onlarla ölkə boğazda gəmiçiliyin bərpası yollarını müzakirə edir. Lakin konkret razılaşma əldə olunmayıb. Avropa ölkələri isə yalnız atəşkəs olacağı halda bu prosesə dəstək verə biləcəklərini bildirir.

İran tərəfi boğazdan keçid üçün yeni qaydalar hazırladığını açıqlayıb. Bu qaydalara əsasən, gəmilər xüsusi icazə və lisenziya almalı olacaq.

Mütəxəssislər qeyd edir ki, böhran davam edərsə, qlobal təchizat zəncirlərində problemlər, inflyasiya və iqtisadi geriləmə qaçılmaz ola bilər.