BAKI, 3 aprel. TELEQRAF
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Qrenlandiyaya planlaşdırılan səfəri Danimarkada növbədənkənar parlament seçkilərindən sonra koalisiya hökumətinin yaradılması ilə bağlı müzakirələrin davam etməsi səbəbilə təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadla yazıb.
Səfər ilkin olaraq mart ayına planlaşdırılsa da, Baş nazir Mette Frederiksenin həmin ayın 24-nə növbədənkənar seçkilər təyin etməsi planların dəyişdirilməsinə səbəb olub.
Avropa Komissiyasının sözçüsü qrafikin yenidən nəzərdən keçirildiyini təsdiqləyərək bildirib ki, Arktika fon der Leyen üçün prioritet olaraq qalır.
Hazırda Brüssel Kopenhagenlə koordinasiyalı şəkildə təxirə salınmış səfərin yeni tarixini mümkün qədər tez müəyyənləşdirməyə çalışır.
Danimarka Baş naziri Administrasiyası və Qrenlandiya hökuməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.