BAKI, 3 aprel. TELEQRAF

“Hörmüz boğazında blokadanın aradan qaldırılması məsələsində yalnız dövlətlərin birgə addımları nəticə verə bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“ABŞ və Yaxın Şərq ölkələri ilə Hörmüz boğazı məsələsinin müzakirəsinə açığıq. Bu günə qədər blokadanı təkbaşına aradan qaldıra biləcək heç bir ölkə görmürəm, yalnız birgə addımlar nəticə verə bilər. Rusiyanın ərzaq və digər malların tədarükünü bloklamağa çalışmasına baxmayaraq, Ukraynanın Qara dənizdə taxıl dəhlizi açmaq təcrübəsi var. İndiki vəziyyət buna bənzəyir”, - o qeyd edib.

Zelenskinin təklifinə görə, müharibə və Hörmüz boğazının açılması ilə bağlı danışıqlar paralel aparıla bilər:

“Alternativ addım kimi boğaz üzərində birtərəfli nəzarətin qurulması mümkündür - Ukraynanın taxıl dəhlizində etdiyi kimi. Bunun üçün ələkeçirici vasitələr, gəmilərin müşayiəti üçün hərbi konvoylar, geniş inteqrasiya olunmuş radioelektron mübarizə şəbəkəsi və digər alətlər lazım olacaq. Biz bu məsələdə kömək etməyə hazırıq”.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna hələlik bu məsələnin həllinə cəlb olunmayıb.