BAKI, 3 aprel. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cənab Baş nazir, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının ikinci iclasında iştirak etdiniz. Bu toplantının əsas nəticələri və ölkəniz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- İlk növbədə Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğumu ifadə etmək istəyirəm. Şimali Kipr Türk Cümhuriyyəti adından qardaş Azərbaycan xalqına və dövlətinə səmimi sevgi və hörmətimi çatdırıram. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti və Baş nazir Əli Əsədovun təşəbbüsü ilə Azərbaycanda səfərdə olduq. Türk Dövlətləri Təşkilatı çərçivəsində toplantıda iştirak etdik.
Bu görüş həm əlamətdar hadisə, həm də gələcək əməkdaşlıq üçün mühüm başlanğıc kimi qiymətləndirilə bilər. Bu təşkilat çərçivəsində gələcəkdə tamhüquqlu üzvlük perspektivi əldə edərək, qardaş dövlətlərlə əlaqələrimizi daha da gücləndirməyi hədəfləyirik. Məhz bu baxımdan, belə toplantılar Şimali Kipr Türk Cümhuriyyəti üçün olduqca mühüm və strateji əhəmiyyət kəsb edir.
Biz hər bir dəvət olunduğumuz görüşdə yüksək səviyyədə təmsil olunmağa xüsusi önəm veririk. Bu mühüm toplantı Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətli nəticələrlə yadda qaldı.

- Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı siyasi əlaqələri necə dəyərləndirirsiniz?
- Hər keçən gün Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələr güclənir. Çünki hər iki ölkə tarix boyu azadlıq uğrunda gərgin mübarizə aparıb. Azərbaycanlı qardaşlarımızın Qarabağ uğrunda savaşlarına şahik. Bu yolda qardaş Azərbaycanın çoxsaylı şəhidlər verdiyini də bilirik.
Şimali Kipr Türk Cümhuriyyəti də öz dövlətini qurmaq və azad yaşamaq uğrunda şəhidlər verib. Bütün şəhidlərimizi ehtiramla anır və onlara Allahdan rəhmət diləyirəm. Tarixi köklərə əsaslanan güclü əlaqələr nəticəsində iki toplum arasında dostluq hər gün daha da möhkəmlənir.
- Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr haqqında nə deyə bilərsiniz? Qarşıda iki ölkə arasında nə kimi layihələr gözlənilir?
- Şimali Kipr Türk Cümhuriyyəti dənizi, günəşi, təbii sərvətləri və zəngin mədəni irsi ilə Aralıq dənizinin mərkəzində tam bir turizm adasıdır. Eyni zamanda, xarici tələbələr üçün təhsil imkanları ilə “universitet adası”na çevirib. Universitetlərimizdən məzun olan tələbələr dünyanın harasına gedirlərsə, Şimali Kipr Türk Cümhuriyyətini anladır və ölkəmizin təmsil edən səfir rolunu oynayırlar.
Bu gün Azərbaycanda olmaqdan duyduğum məmnunluğu bir daha ifadə edərkən, azərbaycanlı tələbələri Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlərimizdə görməkdən və onlara təhsil verməkdən böyük məmnuniyyət duyacağımızı bir daha vurğulamaq istəyirəm.
- Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığınızın perspektivləri barədə nə deyərsiz?
- Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması bir daha sübut edir ki, bizə dəstək ana vətənimiz Türkiyə və qardaş Azərbaycan tərəfindən təmin edilib. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyi nəticəsində gerçəkləşib.
Artıq bu böyük ailənin biz də bir parçası olmuşuq. Bu ailə iqtisadi, sosial, idman və mədəni sahələrdə qarşılıqlı əlaqələri daha da inkişaf etdirərək möhkəmlənəcək.

- Şimali Kipr Türk Respublikası ilə Cənubi Kipr (Rum tərəfi) arasında mövcud olan siyasi, hüquqi və diplomatik münasibətləri beynəlxalq münaqişə və tanınma çərçivəsində necə qiymətləndirmək olar?
- Şimali Kipr Türk Cümhurəyyəti təhlükəsiz adadır. Niyə təhlükəsiz adayıq?! Çünki Türkiyə Cümhuriyyətinin təminatı və nəzarəti altında Şimali Kipr Türk Cümhuriyyətinin özünün təhlükəsizlik qüvvələri həmin istiqamətdə fəaliyyət göstərir. Rum tərəfi də silahlanma yolu tutub və hərtərəfli müdafiə əməkdaşlığı təşəbbüsləri göstərir.
Bütün bunlar Şimali Kipr Türk Cümhuriyyəti qarşısında müvafiq müdafiə və təhlükəsizlik tədbirlərini gücləndirmək zərurəti yaradır.
Foto: Elnur Muxtar