BAKI, 11 yanvar. TELEQRAF
Rusiya Silahlı Qüvvələri son bir həftə ərzində Ukrayna ərazisinə 1100-ə yaxın zərbə dronu, 890-dan çox idarə olunan aviasiya bombası və 50-dən artıq müxtəlif tipli raketlə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Dövlət başçısı bildirib ki, atılan raketlər arasında ballistik və qanadlı raketlərlə yanaşı, orta mənzilli "Oreşnik" ballistik raketi də olub.
Prezidentin sözlərinə görə, zərbələr heç bir hərbi əhəmiyyət kəsb etməyən hədəflərə – enerji obyektlərinə və yaşayış binalarına endirilib:
"Onlar insanlarımızın vəziyyətini daha da pisləşdirmək üçün məxsusi olaraq şaxtalı havaları gözləyirdilər. Bu, sadə insanlara qarşı yönəlmiş şüurlu və kinli Rusiya terrorudur".
V.Zelenski qeyd edib ki, Rusiyanın kritik infrastruktura endirdiyi zərbələrdən sonra bir çox regionlarda vəziyyət mürəkkəb olaraq qalır. O, əhalinin işıq, istilik və su ilə təminatı üçün energetiklərin və təmir briqadalarının 24 saat fasiləsiz çalışdığını vurğulayıb.
Sonda Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib və tərəfdaş ölkələri dəstəyi artırmağa çağırıb:
"İndi müdafiəmizi gücləndirmək üçün daxili dayanıqlıq, sabit dəstək və sülh naminə koordinasiyalı diplomatiya xüsusilə vacibdir".