BAKI, 11 yanvar. TELEQRAF
ABŞ administrasiyası Venesuelaya qarşı tətbiq edilmiş sanksiyaların daha bir qismini yaxın günlərdə ləğv edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton Venesuela neftinin dünya bazarında satışını asanlaşdırmaq məqsədilə sanksiyaların bir hissəsini aradan qaldırmağı planlaşdırır. O qeyd edib ki, söhbət satılacaq neftlə bağlı məhdudiyyətlərin ləğvindən gedir və bu qərar artıq gələn həftə qüvvəyə minə bilər. Bununla belə, hansı konkret sanksiyaların ləğv olunacağı açıqlanmayıb.
Skott Bessent, həmçinin, Venesuelaya məxsus Beynəlxalq Valyuta Fondunda bloklanmış 3,59 milyard SDR-in (xüsusi borcalma hüquqları) pul vəsaitinə çevrilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, mövcud məzənnə ilə bu vəsaitin həcmi təxminən 4,9 milyard dollar təşkil edir və həmin maliyyə Venesuela iqtisadiyyatının bərpasına yönəldilə bilər.