BAKI, 11 mart. TELEQRAF
İrandakı rejimin Hörmüz boğazıyla bağlı siyasəti dəyişməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hörmüzün “ya hamı üçün sülh və inkişaf, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı” olacağını bildirib. Bu o deməkdir ki, İrandakı rejim müharibə alovunu ətrafa yaymağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.
Məqalədə qeyd edilib ki, Hörmüz boğazının atəş altında saxlanılması böyük dövlətlərdən Çinlə yanaşı, Hindistanı da ciddi narahat edir:
“Müharibənin ilk günlərində Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker Hörmüzdə ilişib qalmışdı. Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval bildirmişdi ki, boğazda ilişib qalan gəmilərdə 1000 nəfərdən çox dənizçi var.
İranın körfəz ölkələrinə raket və dron zərbələri də Dehlini narahat edir. Çünki körfəz ölkələrində 10 milyona yaxın Hindistan vətəndaşı yaşayır və çalışır. Regional dövlətlərin Hindistanla illik ticarət dövriyyəsi 200 milyard dollara yaxındır. Digər önəmli məqam - Hindistanın neft idxalının böyük hissəsi Körfəz ölkələrinin payına düşür. Buna görə də Dehli müharibənin qısa zamanda bitməsində maraqlıdır. Müharibə davam etdikcə körfəz ölkələrində yaşayan və çalışan hindlilər özlərini təhlükəsiz hiss etməyəcək. Təsadüfi deyil ki, müharibə başlayandan bu yana 70 minə yaxın Hindistan vətəndaşı münaqişə bölgəsini tərk edib”.
“Atlas”ın analitiklərinin fikrincə, ABŞ-nin Hindistanın Rusiyadan neft alışına “yaşıl işıq” yandırması da Dehli üçün əhəmiyyətli qərardır:
“Hindistanın enerji nəhəngi “Reliance Industries” şirkəti mart üçün Rusiyadan azı 6 milyon barel xam neft alıb. Şirkət Rusiyanın ixrac markalı “Urals” neftini bazar qiymətlərindən nisbətən ucuz qiymətə əldə edib. Yaxın Şərqdə müharibə davam etdikcə, ABŞ Hindistanın Rusiyadan neft alışının əleyhinə çıxmayacaq.
ABŞ maliyyə naziri Skott Bessent Hindistanın Rusiyadan neft alışına məhdudiyyətin müvəqqəti götürüldüyünü desə də, nə qədər Yaxın Şərqdə müharibə davam edir, qadağanın yenidən tətbiqinin ehtimalı azdır. Gərgin vəziyyət Hindistanın neft ehtiyatını artırmasını diktə edir. “The Times of India” Hindistanın kifayət qədər benzin, dizel və reaktiv yanacaq ehtiyatı olduğunu yazıb. Buna baxmayaraq, müharibənin aylarla uzanması dünya enerji bazarında böhranın dərinləşməsinə səbəb olacaq”.