BAKI, 11 mart. TELEQRAF

Avstraliyada siyasi sığınacaq əldə edən İranın qadınlardan ibarət milli komandasının futbolçularından biri vətəninə qayıtmaq qərarını verib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Avstraliyanın daxili işlər naziri Toni Berk futbolçunun öz istəyi ilə bu addımı atdığını təsdiqləyib. Nazir qeyd edib ki, oyunçu digər komanda yoldaşları ilə danışdıqdan sonra fikrindən daşınıb və rəsmi qurumlar onun bu qərarına hörmətlə yanaşırlar. Lakin futbolçunun vətənə qayıtmaq üçün İran səfirliyinə müraciət etməsi Avstraliyada qalan digər idmançıların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.

Belə ki, bu müraciət nəticəsində İran tərəfi sığınacaq istəyən digər futbolçuların yerini öyrənib. Toni Berk dərhal göstəriş verərək, təhlükəsizlik məqsədilə digər idmançıların gizli şəkildə başqa yerə köçürüldüyünü bildirib.

Xatırladaq ki, daha əvvəl yeddi iranlı futbolçu milli himni oxumadıqları üçün ölkələrində təzyiqlərlə üzləşdiklərini əsas gətirərək Avstraliyadan siyasi sığınacaq almışdılar.