BAKI, 11 mart. TELEQRAF

Martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.

***

13:50

Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Tərəflər ikitərəfli gündəliyin aktual aspektlərinə toxunaraq, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında gələcək inkişafına sadiq olduqlarını təsdiqləyiblər.

Rusiya dövlət başçısı ABŞ və İsrailin hücumlarına məruz qalan İrandan Rusiya vətəndaşlarının təxliyə edilməsində göstərdiyi köməkliyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Eyni zamanda, Rusiyadan gələn humanitar yardımın Azərbaycan ərazisindən keçməklə İran xalqına çatdırılmasına yaradılan şərait yüksək qiymətləndirilib.

Prezidentlər Yaxın Şərqdəki kəskin münaqişə zonasında hərbi əməliyyatların tezliklə dayandırılmasının, problemin yalnız siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıblar.