BAKI, 11 mart. TELEQRAF
Baş nazir Əli Əsədov ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizdə su idman növlərinin, xüsusilə avarçəkmənin inkişafı məqsədilə görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Avropa Kanoe Assosiasiyası arasında imzalanacaq Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Qonaqlar Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, eləcə də avarçəkmə üçün yaradılan əlverişli şəraitin onlarda böyük təəssürat yaratdığını bildiriblər.