BAKI, 11 mart. TELEQRAF

Kanada polisi Torontoda yerləşən ABŞ konsulluğuna atəş açılması hadisəsindən sonra ABŞ və İsrailə məxsus diplomatik obyektlərin mühafizəsini gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə martın 10-da səhər saatlarında baş verib. Polis əməkdaşları hadisə yerinə gəldikdə binanın qarşısında güllə gilizləri və binada zədələnmə izləri aşkar ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Kanadanın baş naziri Mark Karni baş verənləri qəbuledilməz hərəkət adlandırıb.

Kanada Kral Atlı Polisi rəhbərliyinin nümayəndəsi Kris Leder bildirib ki, Torontoda yerləşən ABŞ və İsrail konsulluqlarının, həmçinin paytaxt Ottavadakı səfirliklərin mühafizəsi gücləndiriləcək. Onun sözlərinə görə, hadisə milli təhlükəsizlik insidenti kimi araşdırılır.

Toronto polisinin rəhbər müavini Frenk Barredo bildirib ki, şahidlərin sözlərinə görə, iki nəfər ağ rəngli yolsuzluq avtomobilindən düşərək səhər saat 04:30 radələrində konsulluğun qarşısında tapançadan atəş açıb və hadisə yerindən uzaqlaşıb.

ABŞ Dövlət Departamenti hadisədən xəbərdar olduqlarını və yerli hüquq-mühafizə orqanları ilə birlikdə vəziyyəti diqqətlə izlədiklərini açıqlayıb.

Bildirilir ki, ötən həftə Toronto bölgəsində sinaqoqlara qarşı da üç ayrı atəş açma hadisəsi qeydə alınıb. Həmin hadisələrdə də xəsarət alan olmayıb.

Polis hazırda konsulluğa atəş açılması ilə sinaqoqlara qarşı hücumlar arasında əlaqə olub-olmadığını araşdırır.