BAKI, 11 mart. TELEQRAF
İranla davam edən hərbi qarşıdurma zamanı ABŞ ordusunun 140-dan çox hərbçisi yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin iki mənbəyə istinadən yaydığı məlumata görə, müharibənin 10 günü ərzində yaralanan ABŞ hərbçilərinin sayı təxminən 150 nəfərə çata bilər.
"Reuters"in məlumatı dərc etməsindən əvvəl Pentaqon yalnız səkkiz amerikalı hərbçinin ağır yaralandığını açıqlamışdı.
Daha sonra Pentaqonun baş sözçüsü Şon Parnell bildirib ki, “Epik qəzəb” əməliyyatı başlayandan bəri 10 gün ərzində təxminən 140 ABŞ hərbçisi yaralanıb.
Onun sözlərinə görə, yaralananların böyük əksəriyyətinin xəsarətləri yüngüldür və artıq 108 hərbçi yenidən xidmətə qayıdıb. Ağır yaralanan səkkiz hərbçinin isə yüksək səviyyədə tibbi yardım aldığı qeyd olunub.
Məlumata görə, İran fevralın 28-də başlayan qarşıdurmadan sonra ABŞ-nin hərbi bazalarına cavab zərbələri endirib. Həmçinin bəzi ərəb körfəzi ölkələrində yerləşən diplomatik obyektlər, hotellər və hava limanları da hücumlara məruz qalıb, neft infrastrukturu zədələnib.
Pentaqon isə bildirir ki, ABŞ ordusunun İranın silah ehtiyatlarını və raket buraxılış qurğularını hədəfə alması fonunda İranın həyata keçirdiyi zərbələrin sayı son günlər xeyli azalıb.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə jurnalistlərə açıqlamasında İranın gözlənildiyindən daha güclü rəqib olmadığını deyib. “Onlar döyüşür və buna hörmət edirəm, lakin gözlədiyimizdən daha güclü deyillər”, - deyə o bildirib.