BAKI, 3 yanvar. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş Naziri Kir Starmer ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, o bu barədə "Telegram" kanalında məlumat verib.

Görüş zamanı tərəflər diplomatik əməkdaşlığın gələcək addımlarını, həmçinin Ukraynada ədalətli bərpa və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Zelenskinin bildirdiyinə görə, liderlər yaxın zamanda baş tutacaq zirvə görüşünün detalları üzrə razılaşmalar aparıblar.

Prezident qeyd edib ki, təhlükəsizlik məsələləri üzrə müşavirlər də fəal işləyir və bu gün Avropadan 18 iştirakçı birgə fəaliyyət göstərir. Həmçinin, ABŞ tərəfi ilə koordinasiya davam edir.

Ukrayna lideri həmçinin "Çelsi" klubunun satışından əldə olunan 2,5 milyard funt sterlinqin dondurulmuş vəsaitlərinin ədalətli istifadəsi məsələsini Starmer ilə müzakirə edib. O bildirib ki, bu vəsaitlər Ukraynada insanların həyatını qorumaq və ölkənin bərpasına kömək etmək üçün istifadə olunmalıdır.