BAKI, 5 yanvar. TELEQRAF
İraq İran qazının kəsilməsi səbəbindən enerji təchizatının azalması ilə bağlı iddiaları təkzib edib.
Teleqraf xəbər verir ki, İraq hakimiyyəti ölkədə elektrik enerjisinin verilişinin İran qazının idxalının dayandırılması səbəbindən azaldılacağı barədə yayılan məlumatları təkzib edib. Bu barədə İraq Elektrik Enerjisi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin açıqlamasında sosial şəbəkələrdə nazir Ziyad Əli Fadilin adından yayılan, guya İran qazının tədarükündəki fasilələrə görə gündəlik elektrik enerjisinin verilişinin bir saat azaldılacağına dair bəyanatların həqiqətə uyğun olmadığı bildirilib. Qeyd olunub ki, ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 70 faizi yerli yanacaq hesabına təmin edilir.
Xatırladaq ki, dekabrın 23-də Bağdad İranın fövqəladə hallar səbəbindən İraqa qaz tədarükünü tam dayandırdığını açıqlamışdı. Daha sonra İran tərəfi qış mövsümündə havaların soyumasını və texniki nasazlıqları əsas səbəblər kimi göstərmişdi. İraq rəsmiləri həmin vaxt İran qazının ixracının dayanması nəticəsində ölkənin 4-4,5 min meqavat elektrik enerjisi itirdiyini bildirmişdilər.
Bununla belə, hazırda ümumi istehsalın təxminən 17 min meqavat olduğu və enerji istehsalı ilə paylanmasının nəzarət altında saxlanıldığı vurğulanıb.
Qeyd edək ki, İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani ölkənin 2028-ci ilə qədər təbii qazla tam özünütəminata çıxmağı planlaşdırdığını açıqlayıb.