BAKI, 5 yanvar. TELEQRAF

Çin hakimiyyəti bu ilin iyununda Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandrın Tayvana səfərindən sonra Londonla yüksək səviyyəli ticarət danışıqlarını ləğv etməklə hədələyib.

Teleqraf xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, Pekin Böyük Britaniyaya yeddi ildən sonra keçirilməsi planlaşdırılan UK-China Trade and Economic Commission (JETCO) iclasını dayandıracağını bildirib.

Hədənin səbəbi Aleksandrın iyunun 29-30-da Taypeyə səfəri və Tayvan prezidenti Lai Çinq-te ilə görüşü olub.

Diplomatik mənbələrin bildirdiyinə görə, yaranmış gərginliyi azaltmaq üçün britaniyalı diplomatlar təcili danışıqlara başlayıb və nəticədə JETCO görüşü sentyabrın əvvəlində baş tutub. Görüşdə Böyük Britaniyanın biznes və ticarət naziri Peter Kyle iştirak edib.

Qeyd olunur ki, Çin Tayvanla rəsmi əlaqələrə son dərəcə həssas yanaşır və adanı öz ərazisinin bir hissəsi hesab edir. Buna baxmayaraq, Böyük Britaniya Tayvanı rəsmi dövlət kimi tanımasa da, 1991-ci ildən bəri qeyri-rəsmi münasibətləri saxlayır. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 9,3 milyard funt sterlinq təşkil edib.

Britaniya hökuməti bildirib ki, Tayvanla bağlı mövqeyi dəyişməyib və səfər mövcud münasibətlər çərçivəsində həyata keçirilib. Eyni zamanda, sentyabrda keçirilən JETCO danışıqlarının qarşıdakı beş il ərzində Böyük Britaniya üçün 1 milyard funt sterlinqlik bazar imkanları açacağı qeyd olunub.