BAKI, 5 yanvar. TELEQRAF
Bakı şəhər sakini Yasəmən Abbasova uzun müddətdir aldığı torpaq sahəsi üçün ödədiyi 27 min manatı geri ala bilmir.
Bu barədə Teleqraf-a vətəndaş şikayətlə müraciət edib.
O, şikayətində qeyd edib ki, xeyli miqdarda pul ödəsə də, sonradan ona satılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.
Yasəmən Abbasovanın sözlərinə görə, o, 2021-ci ildən Amil və Anar adlı “makler”lərdən ödənişi geri tələb etsə də, 5 ildir müxtəlif bəhanələrlə pulu qaytarmırlar:
“2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı “makler”ə vermişik. Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər. O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Sabunçu Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz. O vaxtdan biz Anar və Amil bəydən pulumuzu almağa çalışırıq. Bu gün-sabah edə-edə ödədiyimiz vəsaiti geri qaytarmırlar. Digərləri kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb”.
Y.Abbasovanın sözlərinə görə, məsələ daha öncə mətbuatda işıqlandırılanda o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.
“Orada Ceyhun müəllim mənə dedi ki, 2025-ci ilin noyabrın sonuna qədər məsələ həll olunacaq. Məni Bəylər Əyyubovun qohumu, bacısı oğlu olduğu bildirilən Hacı Ceyhuna yönləndirdilər. Mən də Hacı Ceyhuna zəng etdim, dedi ki, Anargillə danışım, xəbər edəcəm. Sonra dedilər ki, ayda sizə 1000 manat verəcəklər. Mən də razı olmadım ki, pulumu tam istəyirəm. Hacı Ceyhun sonradan dedi ki, noyabrın axırında 20 min verəcəklər, qalan 7 mini də Amil verəcək. Hacı Ceyhun dedi ki, onlar pulu verməsə, mən verəcəm. Bildirdi ki, Anar onun kirvəsidir. Yenidən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki Ceyhun müəllimə məlumat verdim, o da dedi ki, ayın sonuna qədər gözləyək. Amma yenə də heç bir nəticə vermədi. İndi də heç kim telefonlarıma cavab vermir. Halbuki əlimdə pulu verdiyimə dair, torpağın alınması ilə bağlı kifayət qədər sübutlar, videolar mövcuddur. Məsələ ilə bağlı ölkə rəhbərliyinə məktubla müraciət etmişəm”.
Qeyd edək ki, faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.