BAKI, 5 yanvar. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan və onu dəstəkləyən on yepiskopun hərəkətləri kilsədə parçalanmaya səbəb ola bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin (Eçmiədzin) mətbuat xidmətinin açıqlamasında deyilib.

Bəyanatda vurğulanıb ki, baş nazir kilsə məsələlərini həll etmək bəhanəsi ilə Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxilə edir, bununla da onun hüquqlarını tapdalayır və Konstitusiyanı pozur. Eçmiədzin həmçinin yepiskopların bu proseslərdə iştirakı və ruhanilərə təzyiqin qəbuledilməz və pislənilməli olduğunu bildirib.

“Bu cür düşünülməmiş hərəkətlər parçalanmaya səbəb ola bilər və bunun ağır nəticələri olacaq”, - kilsə qeyd edib.

Dekabrın 8-də Ermənistan Baş naziri Nikol Paşinyan “Erməni Apostol Kilsəsinin yenilənməsi” planını təqdim edərək bunu yol xəritəsi adlandırıb. Yanvarın 4-də isə Nikol Paşinyan on yepiskopla birlikdə “Erməni Apostol Kilsəsinin təkmilləşdirilməsi üçün yol xəritəsi” adlı sənəd imzalayıb. Baş nazir yol xəritəsinin katolikos II Qaregindən sonrakı dövr üçün nəzərdə tutduğunu bəyan edib.