BAKI, 5 yanvar. TELEQRAF

İsveçrədə Yeni il gecəsi Kran-Montana kurortunda yerləşən barda baş verən yanğın nəticəsində həlak olan bütün şəxslərin kimliyi müəyyənləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə RTS telekanalı Vale kantonunun polisinə istinadən məlumat yayıb.

Məlumata görə, həyatını itirən 40 nəfərdən 22-si İsveçrə vətəndaşı, 18-i isə xarici ölkə vətəndaşı olub. Qurbanların yaşı 14-dən 39-a qədər dəyişir. Ölənlərin yarısının yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.

Qeyd olunur ki, həlak olan xarici vətəndaşlar arasında İtaliya, Fransa, Portuqaliya və Belçika vətəndaşları, həmçinin Böyük Britaniya, İsrail və Fransa vətəndaşlığı olan bir gənc qız da var.

Xatırladaq ki, yanğın Yeni il gecəsi İsveçrənin Kran-Montana şəhərində yerləşən “Le Constellation” barında baş verib. Faciə nəticəsində 40 nəfər ölüb, 115 nəfər isə xəsarət alıb.

Prokurorluq yanğının pirotexniki fontanlardan qaynaqlandığını ehtimal edir. Hadisə ilə əlaqədar barın sahibləri ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə şübhəli bilinir.