BAKI, 5 yanvar. TELEQRAF

Salyan rayonunda 1977-ci il təvəllüdlü Elşən Səmədov mübahisə zamanı qonşusu Əziz Salayevi qətlə yetirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 19 oktyabr 2024-cü ildə Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsində baş verib.

Saat 20 radələrində yüngül sərxoş vəziyyətdə olan Əziz qonşusu Elşənə yaxınlaşıb, aqressiv formada siqaretinin olub-olmadığını soruşub. Elşən siqaretinin olmadığını bildirəndə deyib ki, cibinə siqaret al qoy.

Mübahisə zamanı Əziz onun özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyüb. Elşən qonşusunu yaxınlıqdakı yarımtikilinin yanına dəvət edib. Mübahisə şiddətlənib. Əziz onu yerə yıxaraq sinəsinin üstündə oturub, əli ilə ona zərbələr vurub. Qonşular onları araladıqdan sonra ayağa qalxan Elşən yerdən götürdüyü daş parçası ilə Əzizin başına vurub.

Əziz Salayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Elşən Səmədov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

“İçkiliydi, yola verdim, getdi”

İş üzrə ifadə verən Elşən Səmədov ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, onlar eyni məhəllədə yaşayıblar, qonşu kimi münasibətləri normal olub: “Əziz tüfeyli həyat tərzi keçirir, hər gün içir, sərxoş olanda aqressiv davranır, məhəllədə kimlə üz-üzə gəlsə, səbəbsiz münaqişəyə girir, sataşaraq ona söz atırdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 19-da səhər saatlarında avtoyuma məntəqəsində işdə olan vaxt Əzizi görüb: “Salamlaşanda sərxoş olduğunu hiss etdim. Məndən siqaret istədi. Siqaretimin olmadığını, işə hələ təzə başladığımı bildirdim.

Əziz kinayəli şəkildə “cibinə niyə siqaret almırsan, yas yerinə gedirəm, siqaret çəkmək istəyirəm” dedi. Mülayim şəkildə səhər-səhər işə yeni başladığımı, hələlik müştərim olmadığı üçün siqaret ala bilmədiyimi dedim. Əziz ünvanıma nalayiq söyüşlər söydü. İçkili olduğundan onu yola verdim, işimlə məşğul oldum. Əziz məndən uzaqlaşaraq getdi”.

“Gözlədim ki, namazını qılandan sonra gəlsin”

Elşən Səmədovun ifadəsinə görə, saat 17:30-dək işdə olub, sonra marketdən özünə siqaret, spirtli içki alaraq evinə gedib: “Yolda spirtli enerji içkisi, evdə isə pivə içdim. Saat 19 radələrində tanışım Vasifə çayxanaya gedərək vaxt keçirməyi təklif etdim. O, namazını qıldıqdan sonra çayxanaya gedə bilcəyini dedi.

Küçədə dayanaraq Vasifi gözlədim ki, namazını qılandan sonra birlikdə çayxanaya gedək. Bu vaxt küçənin o biri tərəfində, anbar mühafizəçisi Mikayılın köşkdə oturduğunu, Əzizin isə mənə tərəf gəldiyini gördüm. Yaxınlaşanda yerişi və danışığından çox sərxoş olduğunu hiss etdim. Yaxınlaşan kimi yenidən aqressiv halda “cibinə siqareti aldın, ala?” deyə soruşdu. Ona bir azdan gedib siqaret alacağımı bildirdim.

“Bəs bu gün işləməmisən?” - deyərək cibimə siqaret almamağımın səbəbini soruşdu. “İşləmişəm, bəyəm sənə siqaret almalıyam?” - cavabını verdim. Əziz mənim və ailə üzvlərimin ünvanına nalayiq küçə söyüşləri söyməyə başladı. Əlbəyaxa olduq, amma bir-birimizə heç bir xəsarət yetirmədik.

Məndən nə istədiyini, nə üçün ailə üzvlərimin ünvanına küçə söyüşləri söydüyünü aydınlaşdırmaq üçün onu kənara dəvət etdim”.

“Davada ona gücüm çatmadı”

Təqsirləndirilən şəxs bildirib ki, gediş-gəlişi olmayan qaranlıq yerdə Əzizlə söhbətini davam etdirib: “Arxamca gələ-gələ mənim və ailə üzvlərimin ünvanına nalayiq küçə söyüşləri söydü, kinayəli şəkildə “mən qoçu Mirzağanın nəvəsiyəm” dedi.

Mübahisə edəndə Mikayıl, Vasif və Asif də ora gəldilər. Biz daha qaranlıq yerə getmək qərarına gəldik.

Əziz ayağıma badalaq vuraraq məni yıxdı, sinəmin üstündə oturdu, üzümə yumruq atmağa başladı. Mən də Əzizi yumruqla vurdum. Mikayıl kişi gələrək Əzizi üzərimdən qaldırdı. Asiflə Vasif də bizi sakitləşdirdi. Əziz fiziki cəhətdən məndən daha cüssəli olduğu üçün ona gücü çatmadı.

Əzizin ailə üzvlərimin ünvanına nalayiq küçə söyüşləri söyməyə davam eləməsi məni özümdən çıxartdı. Yerdən götürdüyüm daş parçasını var gücümlə təxminən 2-3 metr aralıda dayanmış Əzizə tərəf atdım. Atdığım daş onun başının, qulaq nahiyəsinin sol hissəsinə dəydi. Əziz bir neçə addım ataraq yerində dayandı, sonra dizlərini bükərək yerdə oturdu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Vasif və qardaşı Asifin köməyi ilə Əzizi oturaq vəziyyətdə uzadıb və baş tərəfini stola söykəyiblər: “Əzizin huşu özündəydi. Su gətirərək üzünə vurdum.

Su ilə yuyarkən onun sol qulağının arxa nahiyəsində qançır izləri gördüm. Dərhal təcili yardıma zəng etdim. Qardaşı Kamalın yanına getdim və ona Əzizin yıxıldığını, xəsarət aldığını dedim. “Ölür, cəhənnəmə ölsün” dedi. Bir qədər sonra polis əməkdaşları və təcili tibbi yardım həkim briqadası da hadisə yerinə gəldilər.

Həkimlər Əzizi müayinə edərək onun artıq öldüyünü dedilər. Mənim Əzizi öldürmək fikrim olmayıb”.

Elşən ifadəsində göstərib ki, evlidir, himayəsində iki azyaşlı uşağı var: “Salyan şəhərində avtoyuyucu işləmişəm. Əvvəllər narkotik maddələrdən istifadə etmişəm və narkotiklə bağlı iki dəfə məhkum olunmuşam”.

“Atamı öldürəni bağışlamışam”

İş üzrə zərərçəkmiş Əziz Salayevin hüquqi varisi olan oğlu Mirzağa Salayevin sözlərinə görə, Xırdalan şəhərində yaşayır: “Atamla münasibətim yaxşıydı, tez-tez telefonla əlaqə saxlayırdıq. İçki aludəçisi olduğu üçün anam ondan boşanıb. Bu səbəbdən atam başqa bir qadınla evlənib və Salyan şəhərində yaşayırdı.

Biz rayonda yaşayanda atam tez-tez sərxoş olur, küçədə mübahisə edirdi”.

Hüquqi varisin ifadəsinə görə, oktyabrın 19-da gecə saatlarında əmisi Kamal ona zəng edib və atasının yıxılaraq xəsarət aldığını, sonra da vəfat etdiyini deyib: “Səhəri gün anamla Salyan rayonuna gəldik, atamın yas mərasimində iştirak etdik.

Elşənin nə səbəbə atama xəsarət yetirdiyini dəqiq bilməmişəm. Yas yerində eşitdiyimə görə atam Elşəni söydüyü üçün hadisə baş verib. Təqsirləndirilən şəxslə barışmamışam. Lakin onu bağışlamışam, ondan şikayətim yoxdur”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elşən Səmədov 9 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, barəsində hökmünün ləğv edilməsini və bəraət verilməsi xahiş edib.

Həmçinin onun müdafiəçisi də apellyasiya şikayəti verərək müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində yüngül cəza təyin edilməsi istəyib.

Şirvan Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.