BAKI, 30 dekabr. TELEQRAF

İranın ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra bəyan edib ki, İrana qarşı istənilən təcavüz dərhal sərt cavabla qarşılanacaq.

Teleqraf xəbər verir ki, Əli Şamxani bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“İstənilən təcavüz onu təşkil edənlərin təsəvvürlərini belə aşan, dərhal və sərt cavabla üzləşəcək”, – deyə Şamxani bildirib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp İranın yeni obyektlərdə nüvə imkanlarını artıra biləcəyini iddia edərək, ABŞ-nin həmin obyektlərin yerləşdiyi yerlərdən xəbərdar olduğunu demişdi.

Bu arada İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ni beynəlxalq hüququ pozmaqda və onun əsas prinsiplərini sarsıtmaqda ittiham edib.