BAKI, 30 dekabr. TELEQRAF

Rusiya Vaşinqtonda elan edilən “Trampın beynəlxalq sülh və rifaha aparan yolu” adlı layihə ətrafındakı hadisələri diqqətlə izləyir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Noev Kovçeq” qəzetinə verdiyi müsahibədə bildirib.

"İndiyə qədər yalnız bu möhtəşəm adı eşitmişik. Bildiyimiz qədəri ilə onun həyata keçirilməsi üzrə praktiki işlər hələ başlamayıb. Mövqeyimiz bu təşəbbüs konkret forma aldıqdan sonra formalaşdırılacaq. Bundan əlavə, "Tramp marşrutu" Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə təsir göstərə bilər, çünki respublika ərazisindən malların keçirilməsi, digər məsələlərlə yanaşı, Avrasiya Birliyinin qanunları ilə tənzimlənir. Bu məsələ ilə bağlı erməni tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə hazırıq."

Səfir əlavə edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını daim müdafiə edir: "Bu sahədə irəliləyiş əvvəlcə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış bir sıra üçtərəfli sazişlərə əsaslanır. Hesab edirik ki, müvafiq addımlar atılarkən regiondakı bütün maraqlı ölkələrin və onların qonşularının maraqlarını nəzərə almalıdır".