BAKI, 30 dekabr. TELEQRAF

Latviya qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məqsədilə Rusiya və Belarusla sərhəddə hasarın tikintisi layihəsini yekunlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Latviya dövlət tikinti şirkəti "Valsts Nekustamie Ipasumi" (VNI) məlumat yayıb.

Məlumata görə, Latviya-Rusiya sərhədi boyunca texniki baxımdan mümkün olan ərazilərdə ümumilikdə təxminən 280 kilometr uzunluğunda hasar inşa edilib və bu, fasiləsiz baryer yaradır. Hazırda əvvəllər tikilmiş 99 kilometrlik sahənin 72 kilometri istismara verilib.

Latviya daxili işlər naziri Rihards Kozlovski bildirib ki, sərhəd hasarının tikintisinin tamamlanması ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Nazirin fikrincə, Latviya aqressiv qonşu ölkələr tərəfindən dəstəklənən təşkilatlanmış qeyri-qanuni miqrasiya təzyiqinə qarşı durur.

Kozlovski vurğulayıb ki, bu istiqamətdə Latviyanın əsas məqsədi Avropa İttifaqının ən müasir sərhəd xidmətlərindən birini formalaşdırmaqdır.