BAKI, 30 dekabr. TELEQRAF
ABŞ 2026-cı ildə humanitar yardım məqsədilə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə (OCHA – UKGV) ayırdığı 2 milyard dollar çərçivəsində Ukraynanı yardım alacaq ölkələr siyahısına salıb.
Teleqraf xəbər verir ki, bu barədə idarə tərəfindən yayılan rəsmi siyahıda bildirilir.
Məlumata görə, Ukrayna ilə yanaşı, yardım alacaq ölkələr arasında Suriya, Banqladeş, Cənubi Sudan, Efiopiya daxil olmaqla ümumilikdə 16 dövlət yer alıb. Siyahıda Fələstin yer almayıb. Ayrılan vəsaitin bir hissəsi həmçinin BMT-nin Fövqəladə Hallara Cavab üzrə Mərkəzi Fondunun (CERF) fəaliyyətinə yönəldiləcək.
Bundan əvvəl BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fleçer ABŞ hakimiyyətinin UKGV-nin nəzarətində olan humanitar fondlara 2 milyard dollar köçürdüyünü açıqlamışdı. "Reuters" agentliyinin məlumatına görə, 2025-ci ildə ABŞ-nin BMT-yə ayırdığı ümumi yardımın həcmi 3,3 milyard dollara düşüb ki, bu da təşkilatın ümumi maliyyələşməsinin təxminən 14,8%-ni təşkil edir. Müqayisə üçün, Vaşinqton 2024-cü ildə BMT-yə 14,1 milyard dollar, 2022-ci ildə isə 17,2 milyard dollar vəsait ayırmışdı.