BAKI, 30 dekabr. TELEQRAF

Honkonqda noyabr ayının sonunda baş vermiş yanğın nəticəsində məhv olan yaşayış kompleksinin sakinləri şəhər rəhbərliyini evlərini bərpa etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat verib.

Bildirilir ki, "Wang Fuk Court" yaşayış kompleksinin sakinləri tərəfindən hazırlanmış petisiyanı artıq 100-dən çox şəxs imzalayıb.

Müraciət edənlər həmin kompleksin ərazisinə qayıtmaq istəyirlər. Sakinlər vurğulayıblar ki, onlar bu ərazidə uzun illər yaşayıb, qonşular bir-biri ilə yaxın münasibət qurub və artıq bir ailəyə çevriliblər.

“Biz hökumətdən "Wang Fuk Court" yaşayış kompleksinin bərpasını xahiş edirik ki, tanış mühitimizə qayıda bilək və ailələrimizlə, qonşularımızla sabit həyatımızı davam etdirək. Evimizi itirməyin ağrısı təkcə yaşayış yerini deyil, bizi ayaqda saxlayan kökləri də itirməkdir”, - Petisiyada qeyd olunur.

Müraciət Honkonqun icra başçısı Con Li və maliyyə məsələləri üzrə katib Pol Çana ünvanlanıb.

Şəhər administrasiyasının nümayəndəsi qəzetə bildirib ki, hakimiyyət orqanları zərərçəkmiş sakinlərin fikirlərini toplayır və yaşayış kompleksində vəziyyəti, o cümlədən konstruksiyaların təhlükəsizliyi və texniki imkanları qiymətləndirir. Məqsəd mümkün qədər tez uzunmüddətli həll planı hazırlamaqdır.

Qeyd edək ki, hazırda yanğından zərər çəkmiş 4,6 mindən çox sakin hakimiyyətin təqdim etdiyi müvəqqəti yaşayış yerlərində yerləşdirilib. Onlardan 489 nəfər hotellərdə, 551 nəfər gənclər yataqxanalarında və ya kampuslarda, 3 591 nəfər isə şəhərin Mənzil Bürosu tərəfindən ayrılmış müvəqqəti evlərdə yaşayır.