BAKI, 2 aprel. TELEQRAF

Dünya mərkəzi bankları 2026-cı ilin fevralında 19 ton qızıl alıb.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb.

Təşkilatın hesabatında qeyd olunub ki, fevralda mərkəzi banklar qızıl ehtiyatlarını artırmağa davam ediblər. Bu dinamika yanvar ayındakı durğunluqdan sonra canlanmaya işarə etsə də, göstərici hələ də 2025-ci ilin orta aylıq səviyyəsindən (26 ton) aşağı qalır.

Ümumilikdə ilin ilk iki ayında tənzimləyicilər 25 ton qızıl alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır (50 ton).

Fevralda ən fəal alıcı Polşa (+20 ton) və Özbəkistan (+8 ton) mərkəzi bankları olub. Digər alıcılar sırasında Çexiya (+2 ton) və Malayziya (+2 ton) yer alıb.

Çin və Kamboca mərkəzi bankları isə ehtiyatlarını 1 ton artırıblar.

Bununla yanaşı, ay ərzində xalis satıcılar Türkiyə (8 ton) və Rusiya (6 ton) olub.