BAKI, 2 aprel. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin NATO üzvlüyü ilə bağlı məsələ ətrafında ritorikanın həddindən artıq gərginləşdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, ziddiyyətli bəyanatlar əvəzinə sabitlik naminə birgə işləməyə çağırıb.

“Əgər hər gün öhdəliklərinizi şübhə altına alırsınızsa, bunlar öz mənasını itirəcək. Bit ittifaqa qoşulanda üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirirsiniz, hər səhər onları yenidən nəzərdən keçirmirsiniz və ya nə edib-etməyəcəyinizi bəyan etmirsiniz.

Mən hər açıqlamaya ayrıca şərh vermək niyyətində deyiləm. Məncə, bu barədə həddindən artıq çox danışılır və çoxlu ziddiyyətli fikirlər səsləndirilir”, - Makron deyib.

Fransa Prezidenti vurğulayıb ki, ciddi olmaq istəyən tərəf hər gün əvvəlki sözlərinin əksini deməməlidir:

“Bəlkə də hər gün danışmaq yox, sadəcə hərəkət etmək, gərginliyi azaltmaq və davamlı sülh qurmaq lazımdır”.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, Vaşinqton müttəfiq dövlətlərin İrana qarşı hərbi əməliyyatlarda dəstək verməmələri səbəbindən Amerika NATO-dakı iştirakını nəzərdən keçirə bilər.